Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov: Heydər Əliyev irsi və yeni nəsil Azərbaycan gəncliyi
Sosial
Oxunub: 123
9 May 2026 | 16:30
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov: Heydər Əliyev irsi və yeni nəsil Azərbaycan gəncliyi
Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizin ictimai-siyasi, elmi, mədəni və mənəvi həyatında xüsusi ehtiramla qeyd olunur. Hər il 10 may tarixi Azərbaycan xalqı üçün sadəcə bir anım günü deyil, həm də müstəqil dövlətçilik düşüncəmizin, milli inkişaf fəlsəfəmizin və gələcəyə yönəlmiş strateji baxışımızın yenidən dərk edildiyi mühüm tarixi gündür.

“Təhsil millətin gələcəyidir” — Ümummilli Lider Heydər Əliyevin bu müdrik kəlamı onun dövlətçilik fəlsəfəsində təhsilin hansı strateji yer tutduğunu aydın ifadə edir. Ulu Öndər üçün təhsil yalnız fərdi inkişaf vasitəsi deyil, xalqın tərəqqisinin, dövlətin gücünün və milli gələcəyin əsas təminatı idi.

Heydər Əliyev Azərbaycan tarixində elə bir şəxsiyyətdir ki, onun dövlətçilik irsi yalnız bir dövrün siyasi hadisələri ilə məhdudlaşmır. Bu irs Azərbaycanın milli kimliyinin qorunmasında, təhsilin inkişafında, elmin dövlət siyasətinin prioritetinə çevrilməsində, gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmasında və müstəqil Azərbaycanın intellektual əsaslarının qurulmasında müstəsna rol oynamışdır.

Ümummilli Liderin həyatı və fəaliyyəti gənc nəsil üçün böyük həyat məktəbidir. Onun qətiyyəti, uzaqgörənliyi, milli maraqlara sədaqəti, çətin tarixi şəraitdə belə Azərbaycan naminə prinsipial mövqe nümayiş etdirməsi bugünkü gənclər üçün ən ali vətəndaşlıq nümunələrindən biridir. Heydər Əliyev gənclərə yalnız gələcəyin davamçıları kimi deyil, həm də bugünün qurucuları, dövlətin inkişaf enerjisini daşıyan əsas qüvvə kimi yanaşırdı.

Təhsil milli inkişafın strateji əsası kimi

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlətin təməlində güclü insan kapitalı, yüksək intellektual potensial və müasir biliklərə yiyələnmiş peşəkar kadrlar dayanır. Məhz buna görə də ötən əsrin 70-80-ci illərində Azərbaycanda təhsil infrastrukturunun genişləndirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni ixtisas istiqamətlərinin açılması və respublikanın ehtiyac duyduğu sahələr üzrə mütəxəssis hazırlığı dövlət səviyyəsində xüsusi diqqətdə saxlanılmışdır.

1969-cu ildən sonra Azərbaycanda elm və təhsilin inkişafında yeni mərhələ başlanmışdır. Ali təhsil müəssisələrinin şəbəkəsi genişlənmiş, tələbə kontingenti artmış, yeni elmi-tədqiqat istiqamətləri formalaşmış, ölkənin gələcək müstəqilliyini daşıya biləcək intellektual təbəqənin əsası qoyulmuşdur. Bu proses təsadüfi deyildi. Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi mövcud olacağını böyük uzaqgörənliklə dərk edir və bu müstəqilliyin təminatını savadlı, peşəkar, milli düşüncəli kadrların yetişdirilməsində görürdü.

Bu baxımdan Ümummilli Liderin sovet dövründə azərbaycanlı gənclərin respublikadan kənarda, keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına yaratdığı imkanlar xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin 50-dən artıq şəhərində yerləşən 170-dən çox ali məktəbdə müxtəlif ixtisaslar üzrə təhsil almışdır. Bu gənclərin təhsilinin dövlət tərəfindən dəstəklənməsi, onların yaşayış, təhsil və akademik inkişaf imkanlarının təmin olunması Heydər Əliyevin insan kapitalına verdiyi yüksək dəyərin bariz nümunəsi idi.

Bu siyasətin mahiyyətində təkcə gəncləri xaricdə oxutmaq məqsədi dayanmırdı. Əsas hədəf Azərbaycanın gələcəyi üçün düşünən, bilən, yaradan, idarə edən, milli maraqları qoruyan, eyni zamanda dünyaya açıq olan peşəkar kadrlar yetişdirmək idi. Bugünkü müstəqil Azərbaycanın müxtəlif sahələrində uğurla çalışan, dövlət idarəçiliyində, elmdə, təhsildə, iqtisadiyyatda, diplomatiyada, müdafiə və təhlükəsizlik sahələrində öz sözünü deyən çoxsaylı mütəxəssislərin formalaşmasında həmin tarixi siyasətin mühüm payı vardır.

Gənclər siyasəti: etimaddan məsuliyyətə

Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti xüsusi yer tuturdu. Ulu Öndər gəncləri sadəcə qayğı göstərilməli sosial qrup kimi deyil, dövlətin gələcəyini müəyyən edən strateji qüvvə kimi qiymətləndirirdi. Onun gənclərə münasibətində iki əsas prinsip aydın görünürdü: etimad və məsuliyyət.

Müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial çətinliklər fonunda Heydər Əliyev gənclərin təşkilatlanmasına, onların dövlət və cəmiyyət həyatında fəal iştirakına, milli-mənəvi dəyərlər əsasında formalaşmasına xüsusi diqqət yetirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi, sonrakı illərdə gənclər siyasətinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi bu sahədə sistemli dövlət yanaşmasının başlanğıcı oldu.

Ulu Öndərin gənclərlə bağlı siyasəti yalnız təşkilati tədbirlərlə məhdudlaşmırdı. Bu siyasət gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini, milli kimliyə bağlılığını, yüksək mənəvi keyfiyyətlərə sahib olmasını, elmə, biliyə və peşəkarlığa yönəlməsini əsas hədəf kimi müəyyənləşdirirdi. Heydər Əliyev üçün Azərbaycan gənci öz xalqının tarixini, dilini, mədəniyyətini, dövlətçilik ənənələrini bilməli, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verə biləcək bilik və bacarıqlara sahib olmalı idi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət yeni tarixi mərhələdə uğurla davam etdirilir. Gənclərin xaricdə təhsili, innovativ düşüncəli mütəxəssislərin hazırlanması, könüllülük hərəkatının genişlənməsi, gənclərin elm, texnologiya, sahibkarlıq, mədəniyyət və idman sahələrində dəstəklənməsi Heydər Əliyev siyasi kursunun müasir dövrün tələblərinə uyğun inkişaf etdiyini göstərir.

Xaricdə təhsil siyasəti və şəxsi məsuliyyət hissi

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsi Azərbaycan üçün yalnız akademik üstünlük deyil, həm də milli inkişaf strategiyası idi. Bu siyasət gənclərə yeni dünyagörüşü qazandırır, onları beynəlxalq təcrübə ilə tanış edir, eyni zamanda ölkəyə qayıdaraq əldə etdikləri bilikləri Azərbaycan naminə tətbiq etməyə mənəvi borc yaradırdı.

Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan və sonrakı illərdə uğurla davam etdirilən xaricdə təhsil imkanlarından bəhrələnən gənclərdən biri də mən olmuşam. 2000-2003-cü illərdə ikitərəfli əməkdaşlıq və təhsil imkanları çərçivəsində xaricdə təhsil almaq mənim üçün yalnız akademik inkişaf mərhələsi deyil, həm də dövlətin gəncə göstərdiyi etimadın şəxsi məsuliyyətə çevrilməsi idi.

Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc yaxşı anlayır ki, bu imkan yalnız fərdi uğur üçün deyil, ölkəyə xidmət üçün yaradılır. Heydər Əliyev məktəbinin ən böyük dərslərindən biri də budur: gənc aldığı biliyi, qazandığı təcrübəni, formalaşdırdığı peşəkarlığı öz xalqının inkişafına yönəltməlidir. Bu yanaşma bu gün də bizim ali təhsil strategiyamızın əsas ideya xəttini təşkil edir.

Milli kimlik və müasir dünya ilə inteqrasiya

Heydər Əliyevin gənclər və təhsil siyasətində milli kimlik məsələsi xüsusi yer tuturdu. O, müasir təhsili milli dəyərlərdən ayrı təsəvvür etmirdi. Ulu Öndərin baxışına görə, gənc nəsil dünyəvi biliklərə yiyələnməli, beynəlxalq təcrübəni öyrənməli, müasir texnologiyalara açıq olmalı, lakin bütün hallarda öz milli mənsubiyyətini, Azərbaycan dilini, tarixini, mədəniyyətini və dövlətçilik dəyərlərini qorumalıdır.

Bu yanaşma bu gün də olduqca aktualdır. Qloballaşan dünyada milli kimliyi qorumaq təcrid olunmaq demək deyil. Əksinə, güclü milli kimliyə sahib olan gənc beynəlxalq mühitdə daha inamlı, daha məsuliyyətli və daha rəqabətqabiliyyətli olur. Azərbaycan gənci dünyaya açıldıqca öz köklərinə daha dərindən bağlanmalı, qazandığı bilikləri milli inkişafın xidmətinə yönəltməlidir.
Heydər Əliyev irsinin böyüklüyü də ondadır ki, bu irs milli kimliyi müasirliklə, vətənpərvərliyi peşəkarlıqla, dövlətçilik düşüncəsini qlobal baxışla birləşdirir.

Heydər Əliyev siyasətinin davamı: beynəlxalq təhsil, elmi əməkdaşlıq və yeni nəsil universitet modeli

Çağdaş dünyada universitetlər yalnız təhsil verən müəssisələr deyil, həm də dövlətlərin intellektual gücünü formalaşdıran, innovasiya potensialını artıran, gələcəyin iqtisadi və sosial inkişaf modelinə təsir göstərən strateji institutlardır. Bu baxımdan ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqlar sadəcə universitetlərarası əlaqə deyil, elmi potensialın sistemli şəkildə birləşdirilməsi, bilik və təcrübə mübadiləsinin yeni mərhələyə yüksəlməsi deməkdir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil və gənclər siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan gənclərinin dünyaya açıq, müasir biliklərə sahib, milli kimliyinə bağlı və rəqabətqabiliyyətli kadrlar kimi yetişdirilməsi idi. Bu strateji yanaşma bu gün Azərbaycan ali təhsil sisteminin inkişafında, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsində və gənclərin qlobal akademik mühitə inteqrasiyasında öz davamını tapır.

Heydər Əliyev müasir dövlətin gücü təkcə təbii sərvətlərlə deyil, ilk növbədə insan kapitalı, intellektual potensial, elmə əsaslanan idarəetmə və dünyaya açıq təhsil sistemi ilə ölçüldüyünü vurğulayırdı. Buna görə də onun hakimiyyətinin bütün mərhələlərində təhsil sahəsi strateji inkişaf xəttinin mərkəzində dayanmışdır. Azərbaycan gənclərinin respublikadan kənarda, nüfuzlu ali məktəblərdə təhsil almasına yaradılan imkanlar da məhz bu uzaqgörən siyasətin mühüm tərkib hissəsi idi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Gənclərin xaricdə təhsil imkanlarının genişləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması, ikili diplom proqramlarının, akademik mobilliyin və beynəlxalq tədqiqat əməkdaşlıqlarının təşviqi Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Müasir dövrdə beynəlxalq akademik əlaqələr dövlətlər arasında ən dayanıqlı və uzunmüddətli əməkdaşlıq platformalarından birinə çevrilib. Çünki universitetlər arasında qurulan əlaqələr bilik, elm, etimad və ortaq gələcək baxışı üzərində formalaşır. Xüsusilə ortaq tarixi köklərə, mədəniyyətə, mənəvi dəyərlərə və elmi ənənələrə malik Türk dövlətləri arasında inkişaf edən akademik əməkdaşlıqlar yeni intellektual məkanın yaranmasına mühüm zəmin yaradır.

Bu proses yalnız universitetlərarası əlaqələrin genişlənməsi deyil, eyni zamanda Türk dünyasının elmi potensialının vahid istiqamətdə birləşdirilməsi deməkdir. Türk dünyasının universitetləri arasında formalaşan akademik körpülər gələcəkdə ortaq elmi platformaların, birgə innovasiya təşəbbüslərinin, yeni tədqiqat şəbəkələrinin və vahid intellektual ekosistemin yaranmasına xidmət edəcəkdir.

Bu baxımdan “Orhun Mübadilə Proqramı” xüsusi strateji əhəmiyyət daşıyır. Proqram tələbə və akademik heyətin qarşılıqlı mobilliyini təmin etməklə yanaşı, ortaq elmi mühitin formalaşmasına, tədris və tədqiqat sahəsində əməkdaşlığın dərinləşməsinə, Türk dünyası universitetləri arasında vahid akademik şəbəkənin güclənməsinə xidmət edir. Akademik mobillik çərçivəsində tələbə və müəllimlərin müxtəlif universitetlərdə təcrübə qazanması, elmi baxışlarının genişlənməsi və beynəlxalq təhsil mühitinə qoşulması Azərbaycan gənclərinin qlobal rəqabətliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, müasir ali təhsil sistemində sənaye–universitet əməkdaşlığı, tətbiqyönümlü tədqiqatlar, süni intellekt, rəqəmsal texnologiyalar, innovasiya və texnopark mühitinin formalaşdırılması prioritet istiqamətlərə çevrilməkdədir. Bu yanaşma ali təhsili yalnız auditoriya və nəzəri bilik çərçivəsində saxlamır, onu real iqtisadiyyat, istehsalat, texnologiya və regional inkişafla əlaqələndirir. Beləliklə, universitetlər bilik istehsal edən, innovasiya yaradan və cəmiyyətin inkişafına praktik töhfə verən mərkəzlərə çevrilir.

Heydər Əliyev siyasətinin müasir təzahürü

Mingəçevir Dövlət Universiteti olaraq biz də fəaliyyətimizi məhz bu strateji baxış üzərində qururuq. 2025-ci ildə MDU-da rektor vəzifəsini icra etməyə başladığım dövrdən etibarən universitetin beynəlxalqlaşması, Türk dünyası universitetləri ilə əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, elmi-tədqiqat fəaliyyətinin beynəlxalq akademik mühitə inteqrasiyası əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

MDU son dövrdə beynəlxalq akademik əməkdaşlıq sahəsində məqsədyönlü və ardıcıl inkişaf xətti formalaşdıraraq xüsusilə Türk dünyasında elmi əməkdaşlıq prosesinə öz töhfəsini verməyə çalışır. Universitet Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələri, o cümlədən Egey Universiteti, Dokuz Eylül Universiteti, Qazi Universiteti,Düzce Universiteti, Orta Doğu Texniki Universiteti, TED Universiteti, OSTİM Texnik Universiteti, Hacı Bayram Veli Universiteti və digər universitetlərlə əməkdaşlıq əlaqələrini genişləndirərək Azərbaycan–Türkiyə elmi və akademik əməkdaşlığının dərinləşməsinə xidmət edir.

Bu gün universitetimizin tələbələrinin beynəlxalq akademik mühitə çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl iş aparılır. Orta Doğu Texniki Universiteti tərəfindən təşkil olunan beynəlxalq yay məktəbi proqramları tələbələrimiz üçün mühüm təcrübə platforması yaradır. Bu proqramlar onların müasir elmi yanaşmalar, innovativ metodologiyalar və beynəlxalq tədqiqat mühiti ilə tanış olmasına şərait formalaşdırır.

Eyni zamanda, Dokuz Eylül Universiteti ilə birgə Mingəçevirdə keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi konfranslar akademik dialoqun genişlənməsinə, gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə qoşulmasına və universitetimizin elmi potensialının tanıdılmasına xidmət edəcəkdir.

MDU-nun beynəlxalqlaşma siyasətində Qazaxıstan və Qırğızıstan universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı da mühüm yer tutur. Türk dünyasının fərqli coğrafiyalarında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qurulan bu əlaqələr tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, ortaq konfranslar və tədqiqat təşəbbüsləri baxımından yeni imkanlar açır. Cari ildən etibarən Türkiyə, Qazaxıstan və Qırğızıstan istiqamətində 50-dən çox tələbəmizin beynəlxalq təhsil, akademik mübadilə və mobillik imkanlarına cəlb olunması planlaşdırılır. Bu, MDU tələbəsinin dünyaya çıxış imkanlarının genişlənməsi, eyni zamanda milli ali təhsilimizin beynəlxalq rəqabətliliyinin artması baxımından mühüm addımdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, universitetin magistratura səviyyəsində elmi-tədqiqat fəaliyyətini yeni model üzərində qurmağa başlayıb. Bu modeldə dissertasiya mövzularının sənayenin real ehtiyaclarına əsaslanması, tədqiqatların yalnız nəzəri nəticə ilə məhdudlaşmaması, praktiki tətbiq imkanlarının formalaşdırılması əsas hədəflərdəndir. Türkiyə universitetlərinin sənaye–universitet əməkdaşlığı sahəsindəki təcrübəsi bu baxımdan bizim üçün mühüm nümunədir. Məqsədimiz elmi tədqiqatların real iqtisadiyyat, istehsalat, texnologiya və regional inkişafla əlaqəsini gücləndirməkdir.

Eyni zamanda süni intellekt, rəqəmsal texnologiyalar və innovasiyayönümlü tədqiqat istiqamətləri MDU-nun strateji inkişaf xəttində mühüm yer tutur. Bu istiqamətlər gələcəkdə universitetdə texnopark və innovasiya ekosisteminin formalaşmasına, tələbələrin startap düşüncəsinin inkişafına, regionda bilik, texnologiya və innovasiyanın sintez olunduğu yeni elmi mühitin yaranmasına zəmin yaradır.

Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətinin müasir dövrdə davam etdirilməsinin konkret təzahürləridir. Heydər Əliyev Azərbaycan gəncini milli köklərinə bağlı, dünyəvi biliklərə açıq, yüksək intellektual potensiala malik şəxsiyyət kimi görürdü. Bu gün MDU-da həyata keçirilən beynəlxalq əməkdaşlıq, tələbə mobilliyi, elmi əməkdaşlıq və innovasiya təşəbbüsləri də həmin ideyanın ali təhsil mühitində davamıdır.

Bu gün bizim üçün əsas məsələ Heydər Əliyev irsini yalnız xatırlamaq deyil, onu konkret fəaliyyətimizdə yaşatmaqdır. Gənclərin dünyaya açıq, milli kimliyinə bağlı, yüksək bilikli və məsuliyyətli şəxsiyyət kimi yetişdirilməsi bu irsin ən layiqli davamıdır. Mingəçevir Dövlət Universiteti də bu missiyanı ali təhsil mühitində məsuliyyətlə daşıyan universitetlərdən biri kimi inkişaf yolunu davam etdirir.

Mingəçevir Dövlət Universiteti olaraq əsas məqsədimiz Heydər Əliyev siyasətinin ruhuna uyğun şəkildə Azərbaycan gəncinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli, milli kimliyinə bağlı, müasir bilik və bacarıqlara sahib, innovativ düşüncəli mütəxəssis kimi formalaşmasına töhfə verməkdir. Bu, bizim üçün həm strateji hədəf, həm də milli məsuliyyətdir.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 14:39
Avtomobil dirəyə çırpıldı - 5 yaralı var
Bugün, 14:36
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Dün, 19:24
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düşüncə və yaşıl gələcək naminə genişmiqyaslı idman hərəkatı. FOTOLAR
Dün, 05:35
Laləlikdə maşın sürmüşdülər, polis saxladı-Foto
Dün, 05:27
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
Dün, 05:21
“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
Dün, 05:13
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
9-05-2026, 16:36
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanıldı
9-05-2026, 16:30
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov: Heydər Əliyev irsi və yeni nəsil Azərbaycan gəncliyi
9-05-2026, 13:46
Mərmər sexində bədbəxt hadisə - Ölən var
9-05-2026, 13:43
İşlədiyi bağçanın həyətindən meyiti tapıldı
9-05-2026, 12:54
Qobustanda elektrik stansiyasındakı güclü yanğın olub
8-05-2026, 21:49
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
8-05-2026, 21:42
9 may tanınmış bəstəkar Sevinc xanım Mansurovanın doğum günüdür. Sözün və musiqinin vəhdətində doğulan sənətkar
8-05-2026, 21:30
Həftəsonu bu yollar bağlı olacaq
8-05-2026, 21:26
Onlara 2750 manat birdəfəlik maddi yardım ödənildi
8-05-2026, 21:19
DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
8-05-2026, 21:12
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir
8-05-2026, 21:05
Mingəçevir Dövlət Universiteti dünyanın nüfuzlu WURI 2026 beynəlxalq reytinqində TOP 100-də yer alıb
8-05-2026, 21:02
Mingəçevir Dövlət Universiteti yaşıl nəqliyyat və elektromobil infrastrukturunu genişləndirir: RiverSide Hotel ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb
8-05-2026, 16:49
DİN-də Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir - Video
8-05-2026, 16:46
Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu
8-05-2026, 14:51
Bakı–Ağdam–Bakı qatarları müvəqqəti işləməyəcək
8-05-2026, 12:19
İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı
7-05-2026, 21:47
Yevlax Şəhər A.Səhhət adına 6 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.VİDEO
7-05-2026, 19:06
Sumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu-FOTO
7-05-2026, 17:55
Təşkilat Komitəsi WUF13-lə bağlı iclas keçirdi - Fotolar